Pasientlər üçün
Sual-Cavab: həkimin öz cavabları
Bu səhifədəki cavablar Dr. Şirvan Zəkəriyəyevin OTX-ə verdiyi müsahibədəndir.
Zob xəstəsi yod içə bilərmi?
Bəziləri zobun yod çatışmazlığından olduğunu düşünüb aptekdən yod alıb içir.
Əvvəlcə pasientlərə zobun nə olduğunu aşılamalıyıq. Zob əslində qalxanvari vəzin böyüməsinə verdiyimiz addır: hər kəsdə olan bu orqan böyüyübsə və çöldən görünürsə, bu, zobdur. Amma pasientlərimizin əksəriyyətində zob dediyimiz problem yoxdur. Onlarda ya düyün, ya struktur dəyişikliyi, ya da tiroidit var.
Ona görə zob problemlərinin hamısının kökündə yod əksikliyi durmur. Bəzilərində əksinə, yod artıqlığı var. Bəzilərində isə problem yoddan asılı deyil. Məsələn, Qreyvs xəstəliyi, yəni zəhərli zob olan pasientin yod içməsi düzgün deyil. Necə ki, qurbağa bağlamaq düzgün deyil, bu da ona bərabər bir şeydir. O pasient yod içsə, vəziyyəti daha da pisləşəcək.
Amma bəzi qruplar var ki, əhali kütləvi şəkildə sidik analizi ilə yoxlanılıb. Məsələn, bir kənddə ən azı 100 nəfərdən çox adam yoxlanılıb və yod əksikliyi aşkarlanıb. Belə qruplara yod içməyə icazə var. Qalan hallarda qalxanvari vəzin, yəni sizin «zob» adlandırdığınız xəstəliklərin hamısını yod çatışmazlığına bağlamaq olmaz.
Eyni xəstəliyi olan iki nəfər eyni dərmanı qəbul edə bilərmi?
Tanışıma «düşən» dərmanı mən də içə bilərəmmi?
Çox gözəl sualdır. Bəlkə də siz bu sualı verməsəydiniz, mən özüm təklif edərdim ki, belə bir sual da əlavə edək. Bu gün cəmiyyətdə insanların ən çox əziyyət çəkdiyi, hamımızın başına gələn problemlərdən biri artıq çəki və piylənmədir. Ona görə bunun üzərində dayanmaq istəyirəm. Bu gün istər sosial mediada, istərsə də üz-üzə müraciət edən pasientlərin çoxu arıqlama iynələri haqqında soruşur — artıq çəkili və piylənməsi olan insanlarda bu iynələr hazırda populyardır. Effekti varmı? Var. Hər kəsə tövsiyə edirikmi? Etmirik.
Tutaq ki, bir pasient şəkər xəstəsidir və ya artıq çəkilidir, onunla eyni statusda, eyni xəstəlikdə başqa bir pasient də var. Amma onların orqanizmini yaradan eyni yaratmayıb. Birində şəkər xəstəliyindən başqa ürək problemi ola bilər — ona yazdığım dərmanın həm ürəyi qoruyan, həm də şəkəri salan təsiri ola bilər. Digər pasientdə isə ürək yox, böyrək problemi ola bilər və həmin dərmanı ona yaza bilmərəm. Pasient o dərmanı özbaşına işlətsə, birinci pasientdə ürəyi qoruyan dərman bunun böyrəyinə ziyan verəcək.
Ona görə eyni xəstəlikdən əziyyət çəkən iki fərqli pasient eyni dərmanı yalnız həkim hər birinə ayrıca təyin edibsə işlədə bilər. Özbaşına istifadə isə heç düzgün deyil.
Həkim niyə bahalı dərman yazır? Ucuz dərmanlar onları əvəz edə bilərmi?
Pasientlər arasında belə bir inanc var ki, başqa ölkələrin ucuz dərmanları bahalıları əvəz edə bilər, həkim isə bahalı dərmanı maddi mənafeyə görə yazır.
Ümumiyyətlə, heç bir həkim praktikaya başladığı dövrdə bu gün yazdığı dərmanı yazmır. Məsələn, mən endokrinoloq kimi səkkiz il əvvəl yazdığım tabletkanı bu gün yazmıram. Səbəb nədir? Biz pasientin geri dönüşü ilə işləyirik. Bir dərmanı yazdığımız pasientlərin bir qismi nəticə görmədən geri qayıdırsa, dərmanın qiymətinə də, ölkəsinə də baxmadan onu dəyişirik və bugünkü dərmanlara keçirik. Bugünkü dərmanın qiyməti bizi maraqlandırmır, keyfiyyəti maraqlandırır. Yazdığımız pasientlərin çoxu gəlib «doktor, nəticə yaxşıdır» deyirsə, o dərmanı yazırıq. Nəticə görməyənlərin bir hissəsi isə, yəqin ki, dərmanı düzgün içməyib və s.
Ölkəyə gəldikdə, kifayət qədər keyfiyyətli dərman istehsal edən ölkələr var: İngiltərə, Danimarka, Türkiyə — ən çox Türkiyənin dərmanlarıdır — Rusiya, hətta Çin. Məsələn, B qrupu vitaminlər üçün Çin istehsalı, çəki ilə bağlı müalicədə Danimarka, vitamin kompleksi üçün Türkiyə, bəzi dərman qrupları üçün isə Rusiya istehsalını yaza bilərəm. Yəni burada qiymət önəmli deyil. Bizi pasientin geri dönüşü dəyərləndirir: geri dönüşü və mükəmməl effekti olan dərmanı yazırıq. Pasientə «bu dərmanı heç vaxt dəyişmə» demirik. Amma təyin etdiyimiz dərman özbaşına dəyişdirilərsə, nəticəsizlik halları çox olacaq.
Xalq təbabəti və «təbii» müalicələr həkimin təyinatını əvəz edə bilərmi?
Bəzən pasientlər elmi müalicədən çox «türkəçarəyə» üz tutur, çünki həkimin tövsiyələri daha çox nizam-intizam və səbr tələb edir.
Baxın, tibb sektorunda dərman preparatlarının əksəriyyəti bitkilərdən alınır. Yəni «kimyəvi» dediyimiz maddələrin çoxu bitkilərdən əldə olunur. Amma bunu da düşünək: bitkilərdən təbii yolla ala biləcəyimiz doza çox aşağıdır.
Biz xalq təbabətini kənarda saxlamırıq. Amma pasient həkimə müraciət edibsə, deməli, həkimə gələnə qədər kənar vasitələrdən — xalq təbabətindən, Çin təbabətindən və s. — çox istifadə edib və nəticə görmədiyi üçün həkimə gəlib, elə deyilmi? Ona görə həkimin yanaşması və təyinatı çox önəmlidir. Həkim sizə nəsə təyin edibsə, onun altında bir səbəb, bir patoloji vəziyyət, orqanizminizdə bir çatışmazlıq var və həkim onu müalicə etmək istəyir.
Ona görə bu cümlə kifayətdir: həkimin təyinatını heç vaxt digər təbabət növləri əvəz edə bilməz.
ChatGPT-dən sağlamlıq məsləhəti almaq olarmı? Niyə həkimə müraciət etmək lazımdır?
Qısa deyim: istənilən xəstəliyi olan insan ChatGPT-yə sual versin. Məsələn, şəkərli diabet xəstəsi istifadə etdiyi dərmanı yazsın: «Bu dərmanı mənə həkim endokrinoloq yazıb, gündə bir tablet içirəm.» ChatGPT yazacaq ki, endokrinoloqunuz təyin edibsə, düzgündür. Ardınca yazsın: «Bu dərmanı içəndə ağrılarım olur, sənin fikrincə, dəyişməliyəmmi?» Deyəcək ki, endokrinoloqa müraciət edin, ola bilsin dərmanı dəyişəcək. Görürsünüz, sürüşkəndir. ChatGPT bu gün üçün «ayağı sürüşkən» bir platformadır və onu düzəldən insanlar da bizik. Mən özüm qəsdən suallar verib yanlış məlumat aldığım, «bu səhvdir, belə olmalıdır» dediyim hallar olub — cavabında «hə, səhvdir, düz deyirsiniz» deyib.
Ona görə ChatGPT-yə qəti inanmasınlar. O, istiqamət verir. Məsələn, «boğulmam, təngnəfəsliyim var, zobla bağlı ola bilərmi?» soruşsanız, «ola bilər, endokrinoloqa gedin» deyəcək. Amma bu, mütləq endokrin problem çıxacaq demək deyil. Dərman barədə «bu dərmanı istifadə edimmi?» soruşsanız, çox vaxt avtomatik «bəli» deyəcək — bəlkə də məsuliyyət götürməmək üçün. Amma bu, düz olmaya bilər.
ChatGPT doğru məlumat da verəcək, amma bu gün üçün onun verdiyi məlumatların çoxunu pasientlər «50-yə 50» qəbul etsinlər. Belə platformalar hələ inkişaf mərhələsindədir və daha çox baza məlumatlara əsaslanır. ChatGPT-dən endokrinoloji bir xəstəlik barədə PubMed-dən məqalə istəsəniz, göstərəcək. Amma ona «Əlinin boyu 1,75 m-dir, çəkisi 56 kq-dır, bu dərmanları istifadə edir» desəniz, o, Əlinin nə ürəyini, nə böyrəyini, nə də qaraciyərinin vəziyyətini bilir.
Həkimin baxdığı qan analizləri də, ultrasəs məlumatları da müəyyən qədər subyektivdir. Həkimin ultrasəs kağızına yazdığı ilə pasientin dediyi fərqli ola bilər, çünki hər şeyi ora yazmırıq — yazsaq, ultrasəs rəyi altı-yeddi səhifə olar; kağızda yalnız baza məlumatlar olur. ChatGPT də ona baxıb «burada ciddi problem yoxdur, nə uroloqa, nə də endokrinoloqa getməyə ehtiyac var» deyə bilər. Onun dəqiqliyinin yüzdə yüz olması üçün eyni xarakterli yüzlərlə, minlərlə xəstənin məlumatı ona ötürülməlidir.
Həkimin cavabı videoda:Instagram
Gəncəbasar (qərb) bölgəsində ən çox hansı endokrin xəstəliklərə rast gəlinir? Pasient bunu necə hiss edə bilər?
Ümumiyyətlə, Gəncə bölgəsində pasientləri müayinə edərkən daha çox rastlaşdığımız problemlər sonsuzluq, uşaqlarda boy qısalığı, həmçinin zob və şəkər problemləridir. Pasientlər bunları çox rahatlıqla hiss edə bilər:
- Sonsuzluq. Cütlüyün hamiləlik planı olduğu halda ən azı bir il qorunmadan ailə həyatına baxmayaraq hamiləlik olmursa, bu, sonsuzluq deməkdir. Digər xəstəliklərdən fərqli olaraq, bunu pasient özü rahatlıqla müəyyən edə bilər.
- Şəkər xəstəliyi. Spesifik əlamətləri var və hamımız bilirik: ağız quruması, susama, tez-tez sidiyə getmə.
- Zob. Zob «populyar» xəstəlikdir. Azərbaycanda regional olaraq bəzi bölgələrdə zobun spesifik növləri var. Gəncə bölgəsində də, pasient sayına əsasən deyirəm, zob xəstəliyi ilə çox rastlaşdıq. Əlamətləri çoxdur: sıxılma, boğulma, darıxma, boğazda zobun və ya düyünlərin görünməsi. Pasient bunlarla rahatlıqla bilə bilər.
- Uşaqlarda boy qısalığı. Bu da gözlə görünən faktordur. Valideyn özü deyir: «Doktor, oğlumun və ya qızımın boyu sinifdə ən balacalardandır» və ya «uşaqlardan geri qalır». Valideyn bunu rahatlıqla bilə bilər.
Həkimin cavabı videoda:Instagram
Uşağın boyu nə vaxt narahatlıq yaratmalıdır? Neçə santimetrdən aşağı artım həkimə müraciət üçün səbəbdir?
Burada mövzu belədir:
- İllik boy artımı 6 santimetr və ondan yuxarıdırsa, ciddi problem olmur və bu, boy əskikliyi sayılmır.
- Minimal götürdüyümüz sərhəd 4 santimetrdir.
- Pasienti çox vaxt üç aylıq fasilələrlə izləyirik. Üç ayda 1,5–2 sm artım varsa, qorxmayın.
Yəni 4–6 yaşdan sonra illik boy artımı 6 santimetrdən azdırsa, diqqətli olmaq lazımdır. 4 santimetrdən azdırsa, mütləq həkim-endokrinoloqa müraciət edilməlidir. 6 santimetrdən çoxdursa, ciddi problem olmur.
Rayonda yaşayıram. Endokrinoloqa necə tez müraciət edə bilərəm?
Xüsusən bölgələrdə insanlar həkimə çox gec — vəziyyət ağırlaşandan sonra — müraciət edir.
Bilirsiniz, müasir dövrdə pasientin həkimə müraciəti üçün çox yol var: sosial media, həkimin saytı, telefon nömrəsi. İlkin mərhələdə hər hansı şikayətiniz varsa, ilk olaraq bu yollarla həkimlə əlaqə saxlayın. Həkim şikayətinizin onun ixtisasına uyğun olduğunu görsə, sizi qəbula dəvət edəcək.
Məsələn, endokrinoloqa yazırsınız: «Doktor, məndə boğulma var.» İki-üç əlamətlə biləcəyik ki, bu, endokrin problemdir — zobdur, yoxsa yox. Əlamət buna bağlı deyilsə, onsuz da sizə istiqamət veririk. Ona görə bu gün sosial media və WhatsApp sayəsində pasientin həkimlə əlaqəsi çox rahatdır. İlk müraciəti elə bununla etmək olar.
Həkimin cavabı videoda:Instagram