Tiroid (qalxanabənzər vəzi)
Tiroid (zob) xəstəlikləri
Düyünlü və diffuz zob, Haşimoto, Graves, hipo- və hipertireoz. Diaqnostikada tiroid USM, İİAB biopsiya və TIRADS sistemi; müalicədə əməliyyatsız skleroterapiya və ablaziya imkanı.

Diaqnostika və prosedurlar
Tiroid üzrə xidmətlər
Tiroid USM nədir?
Tiroid ultrasəs müayinəsi vəzin strukturunu, ölçüsünü və düyünlərin xarakterini dəqiq qiymətləndirir. Şüalanma yoxdur, ağrısızdır və düyünə yanaşmanın əsas addımıdır.
İİAB (incəiynəli biopsiya) nə üçündür?
Düyünlərdə xərçəng ehtimalını dəyərləndirmək üçün əsas diaqnostik üsuldur. Ultrasəs müşayiəti ilə düyündən incə iynə vasitəsilə hüceyrə nümunəsi götürülür; ağrı demək olar ki, hiss olunmur.
Skleroterapiya və ablaziya nədir?
Skleroterapiya əməliyyatsız, kəsiksiz üsuldur; boğulma və təngnəfəslik şikayətlərini qısa müddətdə aradan qaldırır. Ablaziya isə əməliyyatdan sonra residiv tiroid toxumasının müalicəsi üçün tətbiq edilir.
Bilməli olduqlarınız
Tiroid haqqında doğru məlumat
Hər tiroid düyününə biopsiya lazım deyil
Düyünün ölçüsü biopsiya göstərişi üçün əsas meyar deyil. Önəmli olan ultrasəs ilə düyünün düzgün dəyərləndirilməsidir. 8 mm-lik düyündə də şübhəli xarakter aşkar olunduqda biopsiya tələb oluna bilər. Biopsiyanın gələcəkdə fəsadı yoxdur.
Tiroidin xərçəng riski yalnız 5%-dir
Tiroiddə tapılan düyünlərin 90-95%-i xoşxassəlidir. Düyün diaqnoz olduqda qorxmaq əvəzinə endokrinoloq müayinəsinə getmək doğru yanaşmadır. Bədxassəli şişlərin böyük əksəriyyəti yavaş gedişlidir və müalicədən sonra tam sağalma əldə edilir.
Zəhərli zob hər zaman əməliyyat tələb etmir
Graves xəstəliyində ilk seçim dərman terapiyasıdır. Düzgün diaqnostika və səbrli müalicə ilə remissiya əldə etmək mümkündür. Cərrahi müdaxilə yalnız əks göstərişlər olduqda nəzərdən keçirilir.
Subakut tiroidit yanlış diaqnoz qoyulan xəstəlikdir
Yarımkəskin tiroidit viral mənşəlidir, çox vaxt yuxarı tənəffüs yolu infeksiyasından sonra yaranır. Boğazda qulağa və çənəyə yayılan ağrı, subfebril qızdırma əsas əlamətlərdir. Vaxtında müalicə tam sağalma ilə nəticələnir.
Hipotireozda ömürlük dərmana tələsməyin
İlkin aşkar edilmiş hipotireozda tələsmək lazım deyil. Həkiminiz əlavə müayinələr istəyirsə, icazə vermək vacibdir. Əks halda boş yerə ömürlük hormon dərmanı qəbul etməyə ehtiyac yarana bilər.
Hipotireoz ürək çatışmazlığını maskalaya bilər
Əl-ayaqda şişkinlik, təngnəfəslik, halsızlıq və ürək zəifliyi olan xəstələrdə tiroid yoxlanmalıdır. Uzun müddət başqa diaqnoz altında müalicə alaraq vaxt itirmək geriyə dönüşü olmayan ürək çatışmazlığına yol aça bilər.
Müalicə olunan xəstəliklər
Tiroid xəstəliklərinin tam siyahısı
- Düyünlü zob, diffuz zob
- Kistik və kalsinatlı düyünlər
- Hipotireoz (tənbəl zob)
- Miksödem (ağır hipotireoz)
- Hipertireoz, Graves xəstəliyi (zəhərli zob)
- Graves oftalmopatiyası
- Haşimoto tiroiditi (autoimmun)
- Yarımkəskin (subakut) tiroidit
- Kəskin və xroniki tiroidit
- Toksik adenoma
- Ektopik tiroid vəzi
- Hamiləlik dövründə tiroid xəstəlikləri
Sual-Cavab
Tiroid haqqında tez-tez verilən suallar
Tiroid biopsiyası ağrılıdırmı?
İncəiynəli aspirasion biopsiya düzgün texnika ilə icra edildikdə ağrı demək olar ki, hiss olunmur. Qan vermə prosedurundan ciddi fərqi yoxdur. Diaqnozu dəqiqləşdirmək üçün vacib və təhlükəsiz üsuldur.
Hər tiroid düyününə biopsiya edilir?
Xeyr. Düyünün ölçüsü deyil, ultrasəs xarakteristikası biopsiya göstərişini müəyyən edir. TIRADS sisteminə əsasən şübhəli düyünlər biopsiya olunur; bəzən 8 mm-lik düyündə də şübhəli əlamətlər varsa biopsiya tövsiyə edilir.
Tiroid düyünləri nə qədər təhlükəlidir?
Tiroid vəzində tapılan düyünlərin 90-95%-i xoşxassəlidir; xərçəng riski təxminən 5%-dir. USM və qan analizləri ilə əksər düyünlər izləməyə götürülür, yalnız şübhəli düyünlər biopsiya ilə dəqiqləşdirilir.
Tiroid kistası ilə əməliyyatdan necə qaçınmaq olar?
Tiroid kistalarının böyük əksəriyyəti təhlükəsizdir. Əməliyyatsız üsullar — skleroterapiya və ablaziya — mövcuddur. Saf kistalar ən təhlükəsiz növdür və izləmə altında saxlanıla bilər.
Haşimoto xəstəliyi tam sağalır?
Haşimoto autoimmun xəstəlikdir; tam sağalma anlayışı əksər hallarda tətbiq olunmur. İlkin mərhələdə uyğun diyet və mineral əlavələri ilə hormon istifadə etmədən göstəriciləri nizamlamaq mümkün ola bilər. Dinamik müşahidə hər mərhələdə vacibdir.
Boğazda ağrı endokrinoloji səbəbə işarə ola bilər?
Bəli. Boğazda, xüsusilə udma zamanı hiss olunan ağrı qalxanabənzər vəzi pozuntularına işarə edə bilər. Yarımkəskin tiroidit zamanı ağrı qulağa və çənəyə yayılır. Erkən yoxlama daha ciddi problemlərin qarşısını alır.
Tiroid müayinəsinə yazılın
Boyunda şişkinlik, düyün, yorğunluq və ya udma zamanı diskomfort varsa, USM və lazım gəldikdə İİAB ilə dəqiq diaqnoz qoyula bilər.